“Heydər Əliyev və Türk dünyası” - dəyirmi masa
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda Türk xalqlarının etnoqrafiyası şöbəsi “Heydər Əliyev və Türk dünyası” mövzusunda dəyirmi masa keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada icraçı direktor tarix elmləri doktoru İlqar Niftəliyev türk xalqlarının mədəni zənginliklərindən, türkdilli respublikalar arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mühüm xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ümummilli Liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Türk xalqlarının birliyinə xüsusi önəm verən Ulu Öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşıb.
Daha sonra institutun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “Heydər Əliyev və Türk dünyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, müstəqilliyin ilk illərində hələ Naxçıvanda olarkən Heydər Əliyev Türkiyə ilə münasibətləri yeni müstəviyə qaldırıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Türkiyə Respublikasında üç dəfə rəsmi, iki dəfə qeyri-rəsmi, on beş dəfə işgüzar səfərdə olub. Bu da onun qardaş ölkə ilə əlaqələrə nə qədər önəm verdiyini bir daha təsdiqləyir. Ulu Öndər çıxışlarında deyirdi: “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, dostluq, qardaşlıq əlaqələri əvvəldən olubdur. Təbiidir, bizim dərin köklərimiz məlumdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə həmişə Azərbaycanın ən yaxın dostu, qardaşı olubdur. Bu gün də belədir. Artıq biz bir-birimiz ilə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk. Elə bir sahə yoxdur ki, bizim orada əməkdaşlığımız olmasın”.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrində öz təsdiqini tapır.
Heydər Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla da əlaqələrin inkişafında böyür rol oynayıb.
Dəyirmi masada qeyd olunub ki, iqtisadi maraqların dünyanı idarə etdiyi bir vaxtda Azərbaycanın digər türk dövlətlər ilə münasibətləri yalnız öz mənafelərini önə sürən, hər şeyə korporativ maraqlar prizmasından yanaşan ölkələrə əsl örnəkdir.
Sonda “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” filmindən fraqmentlər izlənilib.