Hicran Hüseynova: Gələn ilin dövlət büdcəsi layihəsi sosial və investisiyayönümlüdür
Bakı, 23 noyabr, AZƏRTAC
2022-ci ilin dövlət büdcəsinin sosial və investisiyayönümlü olması təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasının nəzərə alınması dövlət büdcəsi xərclərinə həssaslıqla yanaşmağı tələb edir. Təbii ki, bu il proqnozlaşdırılan büdcə siyasətinin əvvəlki illərdən fərqi ondan ibarətdir ki, büdcə vəsaitindən Qarabağın, Şərqi Zəngəzurun sosial-iqtisadi və mədəni layihələrinin icrası üçün xərclər nəzərdə tutulub. Bu, olduqca vacibdir. Bu baxımdan, büdcə vəsaitində göstərilən xərclər onu deməyə əsas verir ki, növbəti ildə də büdcədən ayrılan vəsait əhalinin sosial rifahının yaxşılaşdırılması və iqtisadi infrastrukturların inkişafına həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan 2022-ci ilə yenidən yeni reallıqlar və kifayət qədər mühüm əhəmiyyət daşıyan nailiyyətlərlə daxil olur. Bu baxımdan, növbəti ilin dövlət büdcəsi layihəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi çox önəmlidir və vacibdir. Büdcə layihəsi ilə birlikdə təqdim edilmiş iqtisadi və sosial inkişaf proqnozları real imkanlara və fürsətlərə əsaslanır. Büdcə xərclərinin planlaşdırılmasında sosial siyasət, təhlükəsizlik, iqtisadi inkişaf kimi dövlət siyasətinin əsas xətləri dəstəklənir, anti-inflyasiya tədbirləri nəzərə alınır. Büdcə layihəsində Ailə, qadın və uşaq, elm və təhsil, səhiyyə, müdafiə, COVID-19 pandemiyası ilə mübarizə və digər strateji əhəmiyyətə malik sahələr üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması dövlətimizin qeyd olunan sahələrinin daha da gücləndirilməsinə, cəmiyyətimizin inkişafına öz töhfəsini verəcək.
“Xüsusi olaraq bildirməliyəm ki, Milli Məclisin sədri Sahibə Qafarovanın yaratdığı şərait əsasında gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi nazirlərin, hökumət nümayəndələrinin iştirakı ilə həm parlamentin komitələrinin birgə iclasında, həm də plenar iclasında geniş müzakirə olunur, təkliflər irəli sürülür və onlar nəzərə alınır. Həm komitələrin birgə iclasında, həm də plenar iclasda çıxış edərək öz fikirlərimi bildirmişəm və bu təklifləri yazılı şəkildə parlamentin katibliyinə təqdim etmişəm. İnanıram ki, səsləndirdiyim təkliflər dövlətimizin iqtisadi-siyasi fəaliyyətində nəzərə alınacaq”, - deyə Hicran Hüseynova bildirib.