Hicran Hüseynova: Uşaqların yaxşı təhsil alması Ümummilli Liderin daim diqqətində olub
Bakı, 26 aprel, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını reallaşdıran tarixi şəxsiyyətdir. Ümummilli Lider inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Azərbaycan, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, 1993-cü ildə xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, böyük neft sazişləri imzalandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı: "Ümummilli Lider ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində də çox böyük işlər görüb. Bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşıb, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılıb. Bu da dövlətimizin inkişafına öz müsbət töhfəsini verir. Milli, maddi və mənəvi dəyərlərimizi gənc nəsillərə təbliğ etmək və ötürmək, xalqımızın gələcəyini qorumaq qədər vacibdir. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub.
O bildirib ki, Heydər Əliyev siyasəti ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti güclənir. Bütün sosial təbəqələrin müdafiəsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Artıq Böyük Qayıdışın ilk mərhələsinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Güclü iqtisadi imkanlara malik olmaqla Azərbaycan dövləti heç kimdən asılı olmayan müstəqil bir dövlətə çevrildi. Bu gün Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır".