İQTİSADİYYAT
Hidayət Məmmədov: “Bakı Metropoliteni” QSC vaqonların təmirini ölkə daxilində aparır
![Hidayət Məmmədov: “Bakı Metropoliteni” QSC vaqonların təmirini ölkə daxilində aparır](/files/2023/3/1200x630/1698827947802456046_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
“2014-cü illə müqayisədə ən böyük nailiyyətimiz vaqon təmirinin bütün normalara uyğunlaşdırılması, maddi-texniki bazanın, ehtiyat hissələrlə bağlı məsələlərin tam normallaşdırılması sayıla bilər”.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib. O qeyd edib ki, vaqonların əsaslı təmiri kimi pilot layihənin uğurları xüsusidir:
“Hər il 3-4 qatarı ölkə xaricində təmir etdirmək kimi qayğımız yoxdur”.
Hidayət Məmmədov əlavə edib ki, bu il daha bir qatarın orta təmiri məhz bu qayda ilə başa vurulub. “Daha biri isə xətdədir. Gələn il isə plan üzrə 4 qatarın orta təmiri planlaşdırılır. Bu vaqonlar həm də modernləşdirilir. Başqa sözlə, kondisioner sistemi istisna olmaqla, digər bütün əsas texniki yenilikləri, xüsusən idarəetmə sistemlərini rahatlıqla yeni nəsil qatarlarda olduğu kimi tətbiq edirik. Vaqonlarla bağlı ən böyük nailiyyətlərimizdən biri isə qatarlarda yanğın təhlükəsizliyi sisteminin tətbiqi olacaq. Artıq bu sistemin tətbiqinə digər qatarlarda da başlayacağıq. Bu layihəmiz də seçilənlərdən olacaq” - deyə Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, təmirin sürətini artırmağa kömək edən ən mühüm yeniliklərdən biri vaqonun təkər cütlərini onun altından çıxarmadan yonmağı təmin edən dəzgahın və sexin qurulmasıdır.
Sədr müavini vurğulayıb ki, qatarı təmir sahəsinə çəkməklə vaqonu qaldırıb təkər cütünü çıxararaq təmir etmək çox vaxt aparır: “Hələ bura sonradan vaqonun yığım, müayinə, sınaq və yoxlama prosesini də əlavə etsək, görün təkcə nə qədər vaxta qənaət olunacaq. İndi nəzərə alsaq ki, biz artıq elektrik və digər mühərriklərin təmirini də xüsusi xidmət qurmaqla həyata keçirməyə nail olmuşuq, son illərdəki səmərəni təsəvvür etmək daha asan olar. Bu il bu sahədə də çoxsaylı səmərələşdirici işlər görmüşük. Bütün mühərriklərimizin ən yüksək standartlar səviyyəsində təmirini qurmaqla, ehtiyat fondumuzu yaratmışıq. Bütün sahələrdə olan elektrik avadanlıqlarının təmirini də nəzərə alsaq, bu mənada, demək olar ki, 70 faizdən yuxarı səmərəyə nail olmuşuq. Bunların hamısı, əlbəttə ki, metropolitenin səmərəli fəaliyyətini qurmağa, iş proseslərini avtomatlaşdırmağa hesablanıb”.
Müsahibənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.