DÜNYA
Hindistan hakimiyyəti müsəlmanlarla induistlərin toqquşmasına yol verməməyə çalışır
![Hindistan hakimiyyəti müsəlmanlarla induistlərin toqquşmasına yol verməməyə çalışır](/files/2022/2/1200x630/16548570915957930357_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Hindistanın Cammu və Kəşmir regionunda Məhəmməd (s.a.s.) peyğəmbərə qarşı təhqirlərə etiraz edən müsəlmanlarla induistlər arasında toqquşma riski ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC “The Pioneer” qəzetinə istinadla xəbər verir ki, iyunun 9-da müsəlmanların kütləvi etiraz aksiyalarının keçirildiyi Doda rayonunda komendant saatı rejimi tətbiq edilib. Bəzi rayonlarda mobil internet kəsilib və insanların kütləvi toplaşması qadağan olunub.
Xatırladaq ki, ötən həftə Hindistanın hakim “Bhaatiya Canata” partiyasının nümayəndəsi Nipur Şarma milli televiziyada keçirilən debat zamanı Məhəmməd (s.a.s.) peyğəmbəri təhqir edib. Onun sözləri Hindistanda yaşayan müsəlmanları qəzəbləndirib və bir çox müsəlman dövlətlərinin ciddi etirazına səbəb olub.
Hindistan hökuməti və hakim partiya Nipur Şarmanı dərhal vəzifədən və partiyadan xaric edib. Həmçinin ona qarşı dini ədavətin qızışdırılması maddəsi üzrə cinayət işi açılıb.