Honduras Respublikası Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov etimadnaməsini Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosaya təqdim etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin honduraslı həmkarına salamlarını çatdıran səfir İ. Muxtarov ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurlu inkişafına əmin olduğunu bildirmişdir.
Öz növbəsində yenidən ali dövləti vəzifəyə seçilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təbriklərini çatdıran Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosa ölkəmizin və ikitərəfli əlaqələrimizin gələcək inkişafı yolunda Azərbaycanın dövlət başçısına yeni-yeni nailiyyətlər arzu etmişdir.
Ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Honduras Prezidenti Porfirio Lobo Sosa qarşılıqlı faydalı əməkdaşlığın inkişafına əmin olduğunu bildirmişdir.
Görüşdə ikitərəfli siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmış, iqtisadi-ticari əlaqələrin və xüsusilə enerji sektorunda əməkdaşlığın gələcək inkişafına qarşılıqlı inam ifadə edilmişdir.