Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb
Bakı, 25 avqust, AZƏRTAC
ABŞ-İran gərginliyinin yenidən artması nəticəsində Hörmüz boğazından keçən tankerlərin sayı ən aşağı səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, Belçikada yerləşən “Kpler” şirkətinin gəmi izləmə məlumatlarına görə, bazar ertəsi günü boğazdan cəmi iki tanker keçib. Bu da münaqişənin başlanğıcından bəri ən aşağı gündəlik keçid sayıdır.
ABŞ və İran arasında fevralın 28-dən bəri davam edən gərginlik Hörmüz boğazında dəniz nəqliyyatına getdikcə daha çox təzyiq göstərir. İranın gəmilərin boğazdan keçməsinə icazə verməkdən imtina etməsi ilə dünyanın ən vacib enerji marşrutlarından biri olan Hörmüzdə tanker trafiki xeyli yavaşlayıb.
“Kpler”ə görə, bu gün bir neçə maye qaz və xam neft tankerləri Oman körfəzindən Hörmüz boğazına daxil olub.
Böyük Britaniyada “Vortexa” gəmi izləmə şirkətinin məlumatlarına görə, Hörmüz boğazından sutkalıq neft tranziti ötən gün 5 milyon barelə düşüb. Bazar gününə qədər olan yeddi gün ərzində sutkada orta hesabla təxminən 6-7 milyon barel olub.
Qeyd edək ki, ABŞ/İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizdən çox azalıb.
Yaxın Şərqdəki münaqişədən əvvəl qlobal xam neft və neft məhsulları tədarükünün, mayeləşdirilmiş təbii qazın (LNG) təxminən beşdəbiri Hörmüz boğazından keçirdi.