Harvard Universitetinin müəllimi: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik
Bakı, 16 sentyabr, AZƏRTAC
ABŞ-nin Harvard Universitetinin müəllimi və “One St. Martin Association” təşkilatının prezidenti Rhoda Arrindell Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququna dəstəyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Məlumata görə, Rhoda Arrindell bildirib ki, bütün əziyyət çəkən insanlar öz hüquqlarından heç bir maneə və məcburiyyət olmadan sərbəst şəkildə istifadə etmək imkanına malik olmalıdırlar.
O, doğma yurdlarından didərgin salınmış insanların öz seçimləri əsasında və onlar üçün əlverişli şəraitdə geri qayıtmaq hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb.
“Biz Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıtmaq hüququnu tanıyırıq”, – deyə Rhoda Arrindell bildirib.
O qeyd edib ki, qayıdış hüququ ilə bağlı məsələlər yalnız Qərbi azərbaycanlılara deyil, dünyanın müxtəlif bölgələrində doğma yurdlarından didərgin düşmüş insanlara da aiddir.
Rhoda Arrindell “One St. Martin Association” təşkilatının bu insanların hüquqlarının müdafiəsinə dəstək verməyə və onların öz doğma yurdlarına qayıtmasına töhfə göstərmək məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.
ABŞ-nin Harvard Universitetinin müəllimi, həmçinin Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransların müxtəlif xalqların üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına və qayıdış hüququ ilə bağlı mövqelərin səsləndirilməsinə imkan yaratdığını vurğulayıb.