İcraçı direktor: Türk dünyasının böyük potensialını hərəkətə keçirmək lazımdır VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu, indiyədək Türk dünyası çərçivəsində keçirilən beyin mərkəzlərinin ən böyük toplantısıdır. Əsas məqsədimiz süni intellekt sahəsində beyin mərkəzləri arasında daha faydalı əməkdaşlığı təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, beyin mərkəzləri süni intellekt dövründə hökumətlər, biznes və ictimai institutlarla əməkdaşlıq edərək məlumatların emalı, yeni texnologiyaların və onların tətbiqlərinin inkişafında mühüm rol oynaya bilər.
“Türk dünyasının əhalisi 180 milyona yaxın, ərazisi təxminən 4 milyon kvadratkilometr, ümumi daxili məhsulu isə 2,1 trilyon dollardan çoxdur. Bu böyük potensialı hərəkətə keçirmək lazımdır. Bunun üçün beyin mərkəzlərinin rolu xüsusilə böyükdür. Beyin mərkəzləri dataəsaslı idarəetmə şəraitində siyasi qərarlarının hazırlanmasına və həyata keçirilməsinə dəstək verirlər”, – deyə V.Qasımlı vurğulayıb.