MƏDƏNİYYƏT
“Humay” Milli Mükafatının qalibləri arasında Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri də var
Bakı, 17 oktyabr, AZƏRTAC
“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” Milli Mükafatının builki qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, mükafatlara genişmiqyaslı fəaliyyətləri və böyük uğurları ilə ölkəmizin mədəni həyatında mühüm rol oynayan incəsənət xadimləri layiq görülürlər.
Beləliklə, “Humay” Milli Mükafatının rəmzi olan “Humay” ilahəsi Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri - o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov ("Qarabağ Trilogiyası"na görə), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov (Musiqi təhsili sahəsində beynəlxalq innovasiyalı müəllif layihələrinin təşkili və rəhbərliyinə görə) və musiqişünas-publisist Raya Abbasovaya ("Dialoq" kitabına görə) təqdim olunub.
Qeyd edək ki, bəstəkar Cəlal Abbasovun “Qarabağ Trilogiyası"na 3 əsər daxildir: Şuşaya həsr olunmuş "Bir daha səni görə bilsəydim..." adlı 4 saylı Simfoniya, Milli Qəhrəman Albert Aqarunovun və Qarabağ şəhidlərinin əziz xatirəsinə "İn memoriam" Rekviyemi və Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş “Şanlı Azərbaycan” odası. Bu əsərlər dəfələrlə müxtəlif tədbirlərdə səslənib.
Musiqişünas-publisist Raya Abbasovanın görkəmli rəssam Tahir Salahova həsr olunmuş "Dialoq" kitabının ilk təqdimatı Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunda böyük müvəffəqiyyətlə keçib.
Professor Tərlan Seyidovun rəhbərliyi ilə müntəzəm olaraq beynəlxalq innovasiyalı müəllif layihələri keçirilir. Onların sırasında musiqiçilər nəslinin hazırlanması sahəsində mühüm əhəmiyyət kəsb edən “Akademik, xalq və caz musiqisi”, “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik”, “Musiqiçilərin pedaqoji ustalığı” Beynəlxalq Festival-müsabiqələri qeyd etmək olar.