Hüseyn Cavid irsinin qorunması istiqamətində layihələr həyata keçirilir
Bakı, 10 iyul, AZƏRTAC
Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ev-muzeyi ədibin zəngin ədəbi-fəlsəfi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərir. Ev-muzeyinin fondlarında qorunan nadir eksponatlar sırasında ədibin şəxsi əşyaları, məktubları, əlyazmaları, fotoşəkilləri və yaradıcılığı ilə bağlı qiymətli nümunələr xüsusi yer tutur.
Ev-muzeyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, fondlarda Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən 10 209 eksponat qorunur. Altı ekspozisiya zalında isə 506 eksponat nümayiş etdirilir. Muzeyin ən qiymətli eksponatları sırasında Ərtoğrol Cavidin anası Mişkinaz xanıma və bacısı Turan xanıma ünvanladığı 71 məktub, Hüseyn Cavidin İstanbuldan yaxın dostu Qurbanəli Şərifzadəyə yazdığı məktubların professor Əziz Şərif tərəfindən köçürülmüş surətlərindən ibarət dəftər, həmçinin şairin avtoqrafla hədiyyə etdiyi “Səyavuş” və “İblis” əsərləri xüsusi yer tutur.
Bununla yanaşı, Hüseyn Cavidin qızı Turan Cavid tərəfindən muzeyə təqdim edilmiş şəxsi əşyalar, ədibin Naxçıvan və İstanbulda təhsil illərinə aid sənədlər, məktublar, fotoşəkillər, 1926-cı ildə Almaniyaya elmi fəaliyyət və müalicə məqsədilə göndərilməsi ilə bağlı şəhadətnamə, eləcə də digər arxiv materialları muzey fondunun nadir nümunələrindəndir.
Ekspozisiyada Hüseyn Cavid əsərlərinin müxtəlif teatrların, o cümlədən Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmasını əks etdirən fotoşəkillər, teatr afişaları və digər sənədlər də nümayiş olunur.
Muzeydə Ümummilli Lider Heydər Əliyevin Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğını, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə imzaladığı sərəncamları əks etdirən materiallar da qorunur.
Qeyd olunub ki, muzeyin əsas fəaliyyət istiqamətlərindən biri gənc nəslin Hüseyn Cavid irsi ilə yaxından tanış olmasını təmin etmək, onun yaradıcılığını təbliğ etmək və maarifləndirici tədbirlər həyata keçirməkdir. Bu məqsədlə muzeydə müxtəlif layihələr, o cümlədən açıq dərslər təşkil olunur. Hər tədris ilinin əvvəlində Naxçıvan şəhər Təhsil Şöbəsi ilə birgə hazırlanan qrafik əsasında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeydə açıq dərslər keçirilir. Həmin dərslər əsasən Hüseyn Cavid yaradıcılığına, Cavidlər ailəsinin həyat və fəaliyyətinə, ədibin ədəbi irsinin müxtəlif istiqamətlərinə həsr edilir.
Muzey mühitində keçirilən açıq dərslər şagirdlərə Hüseyn Cavid haqqında yalnız nəzəri məlumat əldə etmək deyil, həm də bu məlumatları muzey eksponatları vasitəsilə əyani şəkildə mənimsəmək imkanı yaradır. Dərslər zamanı şairə və onun ailə üzvlərinə məxsus xatirə əşyaları, fotoşəkillər, kitab nümunələri, çap əsərləri və digər qiymətli materiallardan istifadə edilir.
Muzey əməkdaşlarının keçirdiyi açıq dərslərin əsas üstünlüklərindən biri mövzuların birbaşa ekspozisiya və fond materialları ilə əlaqələndirilməsidir. Bu yanaşma gənclərdə milli-mənəvi dəyərlərə, tarixi şəxsiyyətlərin irsinə və mədəni irsin qorunmasına hörmət hissinin formalaşmasına mühüm töhfə verir.
Qeyd olunub ki, Hüseyn Cavidin ev-muzeyi ali təhsil müəssisələri ilə də əməkdaşlıq edir. Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr muzeydə təcrübə keçərək ədibin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olur, muzey işi ilə bağlı praktiki biliklər əldə edirlər.