İbrahim Məmmədov: Ölkə üzrə tibbi maska istehsalı gücü gündəlik 500 minə çatdırılıb
Bakı, 15 may, AZƏRTAC
Sumqayıtda gündəlik maksimal gücü 200 min və 300 min olan tibbi maska istehsalı müəssisələrinin açılışı ilə ölkə üzrə maksimal istehsal gücümüz gündəlik 500 min tibbi maskaya çatdırılıb. Bu da yerli ehtiyacları tam ödəməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 15-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bundan əlavə, birdəfəlik kombinezonların da istehsalı təşkil olunub. Ölkədə gündəlik 6 min birdəfəlik kombinezon istehsalı mümkün olacaq. Bu da müxtəlif növ infeksiyalara qarşı müdafiə olunmağa imkan verir. Modul tipli xəstəxanalar şəbəkəsinin yaradılması və ona qədər “Yeni klinika”nın açılması, koronavirusla mübarizəyə uyğunlaşdırılması bu problemin öhdəsindən gəlmək üçün tibbi heyətimizin müvafiq tibbi-müalicəvi, təşkilati təcrübəsinin olduğunu deməyə əsas verir və maddi-texniki bazamız problemlə paralel olaraq yaşamaq və işləməyə imkan yaradır.