ICESCO-nun rəhbəri ateizmə qarşı mübarizəyə çağırış edib
Bakı, 16 oktyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik yeniyetmələrə və gənclərə inanc təhsili üçün geniş imkanlar açmağa, gəncləri hədəf alan yaradıcı proqramlar yaratmağa çağırıb. O, süni intellekt tətbiqlərindən istifadə edən, elmi imanla əlaqələndirən və ateist ideyalardan uzaqlaşmağı nəzərdə tutan, həmçinin onlarla mübarizəyə çağıran televiziya şoularının hazırlanmasının vacibliyini qeyd edib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Baş direktor, həmçinin bir çox böyük ölkələrdən olan tanınmış ilahiyyatçıları inancla bağlı məsələləri geniş təbliğ etməyə, monoteizm və əxlaq mövzularında Qlobal İnanc Alyansı modelini bütün səmavi dinlərin nümayəndələri arasında yaymağa dəvət edib.
Baş direktorun bu bəyanatı oktyabrın 15-də Rabatda keçirilən “Dəyişən dünyada inanc” mövzusunda beynəlxalq konfransın açılışında səslənib. İkigünlük konfrans Mərakeş Kralı VI Məhəmmədin himayəsi altında Müsəlman Dünyası Liqası və Məhəmmədiyə Alimlər Liqası tərəfindən keçirilir və dünyanın ilahiyyatçı alimlərini, dini liderləri və tədqiqatçıları bir araya gətirir.
ICESCO-nun rəhbəri bildirib ki, müxtəlif səviyyələrdə imanın tənəzzülü, xüsusən də münaqişələrlə bağlı məsələlər, cəmiyyətlərimizi çalxalayan depressiya və məyusluq dalğaları ilə müşayiət olunur. Qorxu mühiti sosial media və süni intellekt tərəfindən daha da ağırlaşdırılan, sakitliyin son əlamətlərini və imanın təhlükəsizlik xətlərini aradan qaldıran və ateizm təbliğatını geniş yayan kampaniyalar fonunda daha da pisləşir.
Konfransda çıxış edən dini liderlər, o cümlədən xristian dininə mənsub olan ilahiyyatçılar səmavi dinlərin nümayəndələrinin ateizmə qarşı birgə mübarizə aparmasının zəruriliyini qeyd ediblər.