İçərişəhər Cümə məscidində Xocalı faciəsi qurbanlarının xatirəsi anılacaqdır
Bakı, 24 fevral (AZƏRTAC). XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümü ölkəmizin hər yerində, o cümlədən dini inanc yerlərimiz olan məscidlərdə qeyd olunur.
İçərişəhər Cümə məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli demişdir ki, tariximizə qara hərflərlə yazılmış bu soyqırımı erməni vəhşiliyinin daha bir nümunəsi, qəddarlığın zirvəsidir. Bir əsrdir ki, bütün dünyaya soyqırımına məruz qaldıqları yalanını qəbul etdirməyə çalışan ermənilər 22 il əvvəl özləri azərbaycanlılara qarşı amansız soyqırımı həyata keçirmişlər. Təəssüf ki, erməni quldurları zaman-zaman törətdikləri cinayətlərə görə cəzadan yayınmış, heç bir beynəlxalq qurumun qətnamələrinə məhəl qoymamışlar.
Bildirilmişdir ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində Xocalı faciəsinin ildönümü ilə bağlı toplantı keçirilmiş, faciə ilə əlaqədar dünya ictimaiyyətinə bəyanat qəbul edilmiş, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunmuşdur.
Bununla əlaqədar, hər il olduğu kimi, İçərişəhər Cümə məscidində müvafiq hazırlıq işləri görülmüşdür. Fevralın 26-da məsciddə faciə qurbanlarının, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil ediləcəkdir.