“İçərişəhər” Qoruq İdarəsinin rəhbəri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib
Bakı, 1 mart, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib.
AZƏRTAC xəbər verir ki, Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin ölkəmizdə idarəetmə bacarıqları olan rəhbər şəxsləri müəyyən etmək, onları peşəkar bacarıqlarına arxalanaraq qarşılarına qoyduqları karyera məqsədlərinə çatmaq imkanı verən platforma olduğunu deyib. Bildirib ki, “Yüksəliş” müsabiqəsi savadlı və məqsədyönlü insanlar üçün mühüm imkandır: “Müsabiqə idarəetmə bacarığı olan, yüksək intellekt və strateji düşüncə bacarığına malik, eləcə də hədəfləri doğru müəyyən etməklə mövcud imkanları və potensial riskləri idarə edə biləcək şəxslər üçündür. Əgər özünüz üçün yeni imkanlar əldə etmək və peşəkar cəhətdən inkişaf etmək istəyirsinizsə, sizi müsabiqədə iştirak etməyə dəvət edirəm. İştirak özü artıq bir təcrübədir”.
Qeyd edək ki, fevralın 17-dən etibarən 3-cü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21-51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı vasitəsilə həyata keçirilir. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.
Videoya link vasitəsilə baxmaq olar.