CƏMİYYƏT
İÇMƏLİ SUYUN KEYFİYYƏTİ XÜSUSİ NƏZARƏTDƏDİR
Yaz-yay mövsümündə paytaxtda suya tələbat xeyli artır. Bu isə içməli suyun miqdarına və keyfiyyətinə nəzarətin daha da gücləndirilməsini tələb edir. Ona görə də Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Bakı Su Kəməri İstehsalat İdarəsi müvafiq tədbirlər həyata keçirir.
Cəmiyyətin İctimaiyyətlə əlaqələr Mərkəzindən bildirmişlər ki, ilin birinci rübündə 4670 poqon-metr magistral və məhəllədaxili su kəmərləri dəyişdirilmiş, 3 elektrik mühərriki, 4 nasos aqreqatı, 31 ədəd yeni siyirtmə quraşdırılmış, 218 elektrik mühərriki, 345 nasos aqreqatı təmir olunmuşdur.
İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri xüsusi nəzarətdə saxlanılır. Əvvəlcədən hazırlanmış cədvələ əsasən, mərkəzi və məhəllədaxili su anbarları yuyulub təmizlənir. Paytaxtın su kəməri şəbəkəsinə verilən suyun keyfiyyətinə nəzarət məqsədi ilə 50 ünvandan su nümunələri götürülməklə 280-300 müxtəlif analiz aparılır. Bundan əlavə, xlorlama stansiyalarının fasiləsiz işləməsi, onların vaxtında maye xlorla təmin edilməsi, içməli suda xlor qalığının həddi ciddi nəzarətdə saxlanılır.