CƏMİYYƏT
İctimai Birliyin sədri: Bundan sonra da gənclərimiz Vətənin müdafiəsinə hazır olmalıdırlar
![İctimai Birliyin sədri: Bundan sonra da gənclərimiz Vətənin müdafiəsinə hazır olmalıdırlar](/files/2024/1/1200x630/17067983023490056565_1200x630.jpg)
Bakı, 1 fevral, Həsrət Mahmudova, AZƏRTAC
“2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Azərbaycanın parlaq gələcəyi məhz gənclərimizin zəhmətkeşliyinə, fədakarlığına ehtiyac duyur. Gənclər hər bir dövlətin hərəkətverici qüvvəsi olmaqla yanaşı, həm də ümummilli məsələlərdə həlledici mövqeyə sahibdir”.
Bunu AZƏRTAC -a “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
Qeyd edib ki, dövlət gənclər siyasətinin əsas fundamental təməllərini atarkən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan gənclərinin qarşısında mühüm tarixi vəzifələri müəyyənləşdirdi. Həmin dövrdə müxtəlif təhlükələrin - müharibə şəraiti, sosial problemlər, ideoloji basqılar fonunda gənclərin enerjisinin, dinamikasının ölkəmizin milli maraqları uğrunda səfərbər edilməsi, müasir Azərbaycançılıq ideologiyası əsasında, vətənpərvərlik ruhunda tərbiyəsi işinin təşkili məhz uzaqgörən siyasətin ana xətti idi.
Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə gənclər sahəsinə xüsusi diqqət ayrılması, ilk ixtisaslaşmış dövlət qurumunun Gənclər və İdman Nazirliyi olması, Azərbaycan Gənclərinin I Forumu, 1997-ci ildə 2 Fevral - Gənclər Gününün təsis olunması kimi bir sıra görülmüş işləri qeyd edə bilərik. Təbii ki, Ümummilli Lider hər bir zaman Azərbaycan gəncini vətənpərvər, savadlı, intellektual və rəqabətədavamlı görmək istəyirdi. O zamanlardan gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına şəraitin yaradılması, orduda ruh yüksəkliyinin artırılması kimi bir sıra mühüm addımlar atılıb.
“Gənclərimiz bundan sonra da vətənpərvər, fiziki və zehni hazırlıqlı olmalı, Qarabağın, ölkəmizin hər bir regionunun quruculuğunda rol almalı, dövlət maraqlarını hər şeydən üstün tutmalı, hər hansı bir təhdidə qarşı daim müdafiəyə hazır olmalıdır.
Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsindən sonra dövlət suverenliyinin təmin olunmasında da fəal iştirak etdi. Ötən ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri və digər ərazilərimizdə dövlət suverenliyi təmin olunaraq Dövlət Bayrağımız ucaldıldı.
Qarşıdakı günlərdə xalqımız daha bir mühüm hadisəyə şahidlik edəcək. Fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilk dəfədir respublikamızın bütün bölgələrində keçiriləcək. Fürsətdən istifadə edərək, gənclərimizi və bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə çağırıram. Əminik ki, bütün ümummilli məsələlərdə olduğu kimi Azərbaycan gəncliyi bu seçkilərdə də öz fəallığını nümayiş etdirərək Vətən, gənclik, gələcək üçün İRƏLİ deyəcəklər”, - deyə Şahin Rəhmanlı bildirib.