CƏMİYYƏT
IDEA Kampaniyası məktəbliləri kimsəsiz heyvanları qorumağa yönəldir
Bakı, 5 oktyabr (AZƏRTAC). Hər il oktyabr ayının 4-də dünyanın bir çox ölkələrində qeyd olunan Beynəlxalq Heyvanları Xilasetmə Günü ilə əlaqədar IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 30-dan artıq məktəblinin Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarətini təşkil etmişdir.
Kampaniyadan AZƏRTAC-a bildirmişlər ki, ziyarət şagirdlərin diqqətini kimsəsiz heyvanlara yönəltmək, onları təbiətə, heyvanlara qarşı həssas davranmağa səsləmək, ən əsası isə gənclər arasında kimsəsiz və xəstə heyvanların yenidən təbii mühitə qayıtmasında birgə səyi formalaşdırmaq məqsədi ilə təşkil olunmuşdur.
Ziyarət zamanı məktəblilər mərkəzin fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olmuş, klinikaya yerləşdirilən və xüsusi həkim müayinəsində olan heyvanların müalicəsi işi haqqında məlumat əldə etmişlər.
IDEA Kampaniyası və Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi gəncləri daim kimsəsiz heyvanların qayğısına qalmağa, onları qorumağa səsləyir. Bu məqsədlə ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitə qayğı ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA Kampaniyası mütəmadi olaraq məktəblilərin mərkəzə ziyarətini təşkil edir.
IDEA Kampaniyası ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.