İdman jurnalistlərinin inkişafına dəstək marafonu yekunlaşıb
Bakı, 12 iyun, AZƏRTAC
UEFA-nın media tərəfdaşı Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Bakının da ev sahiblərindən olduğu futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, bu münasibətlə “Avro-2020”nin açılış günü AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində kurslar, təlimlər və ustad dərslərinin fəal iştirakçıları, təlimçilər, jurnalistikamızın və futbolumuzun tanınmış simalarının iştirakı ilə tədbir keçirilib.
Öncə ötən həftə erməni terrorunun nəticəsində şəhidlik zirvəsinə ucalmış KİV nümayəndələri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışovun, eyni zamanda, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AİJA prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov açaraq “Avro-2020”nin ölkəmiz üçün əhəmiyyətindən danışıb və bu gün start götürəcək mötəbər turnir münasibətilə qonaqları təbrik edib. AİJA prezidenti Azərbaycanın ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sayəsində artıq bütün dünyada ən inkişaf etmiş, etibarlı bir ölkə kimi qəbul edildiyini xüsusi vurğulayıb.
Sonra söz Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri, tanınmış jurnalist Natiq Məmmədliyə verilib. O bütün sahələrə olduğu kimi idman jurnalistikasına və idmana dövlətimizin diqqətindən danışıb və AİJA-nın səmərəli fəaliyyətini, xüsusilə, idman jurnalistlərinin peşə ustalıqlarının yüksəldilməsi üçün “Avro-2020” ərəfəsində keçirdiyi təlimlərin, ustad dərslərinin əhəmiyyətini vurğulayıb.
Təlimçilər Əfsanə Salehova və Ramin Sayadov kursların aktiv iştirakçılarını sertifikatlar və “Avro-2020”nin oyunlarına hədiyyə biletləri ilə sevindirib.
AİJA-nın layihələrini dəstəkləmiş tanınmış jurnalistlərə təşəkkürnamələr təqdim edilib.
AİJA-nın “Avro-2020” öncəsi keçirdiyi maarifləndirici marafonun baş sponsoru “Etopaz”ın nümayəndəsi Vüsal Əliyev təmsil etdiyi şirkətin medianın inkişafı ilə bağlı layihələri uzun illərdir dəstəklədiyini, bu mənada AİJA-nın gördüyü işin təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbirin sonunda Azərbaycan tarixində futbol üzrə yeganə Olimpiya çempionu, “Sabah” Futbol Klubunun idman direktoru İqor Ponomaryov, yeniyetmələr arasında dünya çempionu Vladislav Qədirov, tanınmış veteran futbolçular Vaqif Cavadov və Nuqzar Kvirtiya “Vayt Siti”, “Lider” və “Arsenal” məktəblərinin balaca futbolçularına hədiyyələr təqdim ediblər.