İDMAN MƏKTƏBİ ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
Bakıdakı 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi əsaslı təmirdən sonra yenidən şagirdlərin istifadəsinə verilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 12-də məktəbin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə çox ciddi işlər görülür. Bu işlər təhsil sahəsində də özünü göstərməkdədir. Azərbaycanda yeni məktəb binalarının tikilməsi ilə yanaşı, mövcud təhsil müəssisələri əsaslı təmir edilir.
Nazir demişdir ki, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi qısa müddətdə müasir tələblərə uyğun təmir edilmişdir. Bu, gənc idmançıların yetişməsinə, məktəblilərin sağlam böyüməsinə ciddi təkan verəcəkdir.
Misir Mərdanov vurğulamışdır ki, nazirliyin tərkibində məktəbdənkənar təhsil müəssisələrinin sayı 300-dən çoxdur. Onların da təxminən yarısı bədən tərbiyəsi və idmanla bağlı olan təhsil ocaqlarıdır.
Məktəbin direktoru Elçin Mehdizadə bildirilmişdir ki, bu təhsil ocağının təmiri üçün Təhsil Nazirliyi tərəfindən vəsait ayrılmışdır. Üç mərtəbədən ibarət məktəbdə 4 idman zalı vardır ki, burada da idmanın müxtəlif növləri üzrə məşqlər aparılır.
E.Mehdizadə demişdir ki, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərir və burada 15 müəllim çalışır.
Məktəbdə 500-ə yaxın yeniyetmənin məşq etdiyini vurğulayan direktor idmançıların Avropa və dünya çempionatında, beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiyini diqqətə çatdırmışdır.
Sonra nazir Misir Mərdanov məktəblə yaxından tanış olmuş, idman zallarına və otaqlara baxmış, idmançıların hazırlıq səviyyəsi ilə maraqlanmışdır.
Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər iştirak etmişlər.
######
![]() |
![]() |
![]() |


