II İOHANN PAVEL STALİNİ HİTLERLƏ MÜQAYİSƏ EDİRDİ
Söhbət kommunist sisteminin təhlilindən başlanmışdır. II İohann Pavel demişdir: “Sovetlərdən və onların ideologiyasından bu gün hətta, Afrika ölkələrində can qurtarmağa çalışırlar. Onlar bu səmərəsiz və bəhrəsiz sistem barədə daha heç nə eşitmək istəmirlər”.
Papa sözünə davam edir: “Şübhə yoxdur ki, biz ideya-siyasi ənənələrdən geri çəkilmək, leninizm-stalinizmdən uzaqlaşmaq hallarını müşahidə edirik. Amma qorxuram ki, bu proses xüsusən kommunistlərin hakimiyyətdə olduğu ölkələrdə axıra çatdırılmasın. Çünki marksizmin siyasi amili olaraq, leninizm-stalinizm hakimiyyətdəkilərə özlərinin əvəzedilməzliyinə inam veribdir. İnqilab haqqında marksizm ideyasına əsaslanan bu sistemi onlar proletariatın adından yaradıblar. Sonra onlar bu proletariatın özündən xilas olaraq, onu hakimiyyətdən uzaqlaşdırdılar və diktaturanı partiyaya, daha doğrusu, partiyanın daxilindəki hansısa imtiyazlı qrupa verdilər. Həmin qrup bu gün də mövcuddur”.
Söz tarixdən düşür. Papa deyir: “Hitlerin insanları necə qırıb-çatdığından çox danışırlar. İndi isə Stalinin törətdiyi qətlamlardan danışmağa başlayıblar... Çoxlarının fikrincə, liderlik məsələlərində, elə başqa məsələlərdə də Stalin Hitlerdən güclü idi. Əlbəttə, mənəviyyat baxımından hər ikisi cəzaya layiqdir. Əgər Stalini daha yaxşı hesab edirlərsə, bu, alman nasional-sosializmindən daha dərin olan kommunist proqramının xidmətidir. Nasizm və faşizm insanlığa kökündən zidd olmuşdur və buna görə də dayaz və bəsit idi”.