III Çarlz: Britaniyanın Keniyadakı müstəmləkə siyasətinə “bəraət yoxdur”
Bakı, 1 noyabr, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz Keniyada antikolonial üsyanın yatırılmasında britaniyalı hərbçilərin hərəkətlərinə “bəraət qazandırmağın mümkün olmadığını” vurğulayıb.
AZƏRTAC Citizen portalına istinadla xəbər verir ki, III Çarlz Keniya Prezidenti Uilyam Ruto ilə görüşündə bundan təəssüfləndiyini desə də, rəsmi üzrxahlıq etməyib.
“Keniyalılar müstəqillik və suverenlik uğrunda mübarizə apararkən onlara qarşı amansız zorakılıq aktları törədilib və buna bəraət qazandırmaq olmaz”, - deyə III Çarlz bildirib. Böyük Britaniya monarxı, həmçinin keçmiş koloniyası ilə müasir mərhələdə münasibətləri möhkəmləndirmək istədiyini qeyd edib.
III Çarlz dördgünlük səfəri zamanı Keniyanın Birləşmiş Krallıqdan müstəqilliyinin 60-cı ildönümü münasibətilə keçirilən mərasimə qatılacaq və iki dünya müharibəsində Böyük Britaniya uğrunda həlak olan afrikalıların xatirəsini yad etmək üçün müharibə qəbiristanlığını ziyarət edəcək.
Qeyd edək ki, 10 il öncə London müstəmləkə administrasiyasının 1952-1960-cı illərdə “Torpaq və azadlıq uğrunda” üsyan (rəsmi adı Mau Mau) zamanı keniyalılara işgəncə verildiyini etiraf edib və zərər çəkənlərə təzminat ödəməyi öhdəsinə götürüb. Bu üsyanın yatırılması zamanı ən qəddar üsullardan istifadə edilib, nəticədə ölkənin ən böyük icması olan Kikuyu xalqı repressiyaya məruz qalıb. Üsyan 1963-cü ildə Keniyanın müstəqilliyi ilə nəticələnib.
Konsentrasiya düşərgələrinə atılan və işgəncələrə məruz qalanlardan biri də ABŞ-ın sabiq Prezidenti Barak Obamanın babasıdır.