İKİ CİLDLİK “ÜMUMİ DİLÇİLİK” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın müxbir üzvü, bir sıra dil qurumları və cəmiyyətlərinin həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Afat Qurbanovun Ekson Mobil şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görmüş iki cildlik “Ümumi dilçilik” kitabının təqdimat mərasimi keçirilmişdir.
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmış kitbın I cildində dilçiliyin ümumi nəzəri məsələləri, yazı nəzəriyyəsi və sair problemlər araşdırılır. Burada tədqiqata cəlb edilən bütün məsələlər müxtəlif sistemli dillərin materiallarından götürülmüş faktlar əsasında təhlil olunur.
İki bölmədən ibarət II cilddə isə dilçiliyin dil və təfəkkür, dil və nitq, dil və mədəniyyət, ümumdünya dili və sair nəzəri məsələlərə aydınlıq gətirilir.
Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktor müavini Kərim Tahirov açaraq, dilçilik elmimizin inkişafında Afat Qurbanovun xidmətlərindən danışdı. Bildirdi ki, bir sıra dərsliklərin və elmi kitabların müəllifi A.Qurbanov, həm də, “Azərbaycan onomalogiyası” elmi məktəbinin yaradıcısıdır.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru İsmayıl Məmmədov və başqaları çıxış edərək, gərgin əməyin nəticəsində işıq üzü görmüş iki cildliyin məziyyətlərindən söz açdılar. Bildirildi ki, “Nurlan” nəşriyyatında nəfis tərtibatda nəşr edilən bu kitab universitet tələbələri, müəllim, magistr, aspirant, dissertant və elmi işçilər üçün qiymətli vəsaitdir.
Birinci cildin redaktorları filologiya elmləri doktorları, professorlar Kamal Abdullayev, Elbrus Əzizov, ikinci cildin redaktorları filologiya elmləri doktorları, professorlar İsmayıl Məmmədov və Məsud Məmmədovdur.