CƏMİYYƏT
İkinci Dünya müharibəsi əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər qürur doğurur

Bakı, 22 iyul, AZƏRTAC
Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi qürur doğurur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov deyib.
Təşkilatın sədri bildirib ki, 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb. 2003-cü ildən etibarən ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Son bir neçə ildə Böyük Vətən müharibəsi iştirakçılarına qayğı daha da artırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin başçısının çoxsaylı fərman və sərəncamları olub.
General-polkovnik qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev prezident seçildiyi dövrdən etibarən hər zaman veteranlara, müharibə əlillərinə, arxa cəbhədə fədakar əməyi ilə fərqlənən insanlara qayğı ilə yanaşıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin 2020-ci il 21 iyul tarixli Sərəncamı bunun əyani sübutu və veteranlara, müharibə əlillərinə göstərilən qayğının bariz nümunəsidir.
“Həyata keçirilmiş sosial proqramlar Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə önəm verildiyini bir daha sübut edir. Ali Baş Komandanın bu istiqamətdə imzaladığı fərmanlar və sərəncamlar veteranlarımıza və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Veteranlarımıza göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya Respublika Veteranlar Təşkilatının rəhbərliyi, eyni zamanda, veteranlarımız adından xüsusi minnətdarlığımı bildirirəm”, - deyə general polkovnik T.Ağahüseynov vurğulayıb.