İkinci Dünya müharibəsi iştirakçısı 100 yaşı münasibətilə ziyarət edilib
Bakı, 8 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərovu 100 yaşının tamam olması münasibətilə ziyarət edib.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, müharibə zamanı Berlin uğrunda gedən döyüşlərdə yaralanan Ağababa İsgəndərova sonralar II dərəcə əlillik təyin olunub.
İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər Ağababa İsgəndərovu da əhatə edir. O, aylıq sosial ödənişlərlə təmin olunur.
Hər il İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla ona da birdəfəlik maddi yardım ödənilir. Həmçinin dövlət tərəfindən üçotaqlı mənzillə və avtomobillə də təmin olunub.
Görüş zamanı agentliyin sədri ahılla həmsöhbət olub. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını qeyd edib.
Ağababa İsgəndərov müharibə illərinə dair xatirələrini bölüşüb, döyüşlərdə iştirakından danışıb. O, daim möhtəşəm tarixi Zəfərimizlə, Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaətlərlə qürur duyduğunu vurğulayıb.
Ağababa İsgəndərov İkinci Dünya müharibəsində iştirakına və igidliyinə görə bir çox medallarla təltif edilib.