İKİNCİ QRUP ƏLİL, RAYON AĞSAQQALI ƏKBƏR ƏHMƏDOVUN ÇIXIŞI
Sizi cəbrayıllılar, rayonun ağsaqqalları, veteranları adından salamlayır, hörmətli Prezidentimiz cənab Heydər Əliyevin tikdirdiyi bu altı şəhərciyə çox “Xoş gəlmisiniz!” deyirəm.
Hörmətli Baş nazir, mən Cəbrayıl rayonunun ermənilərlə sərhəddə yerləşən kəndlərin birində yaşamışam. Bunu ona görə deyirəm ki, 1988-ci ildən müharibənin içində olmuşam, ikinci qrup əliləm, tank əleyhinə minaya düşmüşəm. Məndən əvvəl danışan natiqlərdən bir az narazıyam, çünki müxalifətin adını çəkmirlər. Onlar isə bar-bar bağırır, bizə quru vədlər verirlər. Bilin, onlar bizə heç bir şey verən deyillər. Bizə onu verdilər ki, bizi bu günə salıb buraya gətirdilər. Onların ucbatından 13 il burada çürüdük. O vaxt hakimiyyətdə onlar idi. Niyə bu xalqı, torpağı qorumadılar? Vəzifə davası aparıb qoşunu Bakıya çəkirdilər. Onlara eyib olsun ki, xalqın adından danışırlar. Xalqa yalan vədlər verməsinlər. Guya təqaüdləri, maaşları qaldıracaqlar. Bunu haradan edəcəklər? Mənim onlara yazığım gəlir.
Bu xalqın yiyəsi cənab Heydər Əliyevdir. 1993-cü ildən gəlinlərimiz üzlərini cırmır, qızlarımız ərsiz qalmır, şəhid tabutları gəlmir. O kənd yox idi ki, şəhid verməsin. Bizim ata-analarımızın qəbirləri düşmən tapdağında qalıbdır. Nəyin ucbatından? Həmin indiki müxalifətin ucbatından qalıbdır. Cənab Heydər Əliyevin humanistliyi, böyüklüyü bir də ondadır ki, onların danışığına əhəmiyyət vermir.
Hörmətli İlham müəllim, Cəbrayıl camaatı həmişə etibarlı, əməksevər, həqiqətin tərəfində dayanan olubdur. Biz Sizin atanızı, - o, təkcə Sizin yox, bütün xalqın atasıdır, - dəstəkləyirik. Allah qoysa, seçkilərdə biz layiq bildiyimiz namizədə səs verəcəyik.