İl ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.
Bildirilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi ilə məşğuldur.
Tədbirdə nostrifikasiya prosedurunda həyata keçirilmiş yeniliklər və istifadə rahatlığı məqsədilə edilmiş dəyişikliklər, eləcə də vətəndaşların sözügedən sahədə maarifləndirilməsi istiqamətində görülmüş mühüm işlərlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə geniş məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib.
Bildirilib ki, il ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub. Əksər müraciətlər MDB ölkələrində və Türkiyədə təhsil alanlar tərəfindən olunub. Müraciətlərin digər əhəmiyyətli hissəsi isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunlarının payına düşür.
Jurnalistlər, eyni zamanda, cari ildə akkreditasiya sahəsində görülmüş işlər, ölkədə ali təhsilin keyfiyyətinin təmin olunmasında akkreditasiyanın önəmli rolu və digər əlaqəli məsələlər haqqında da məlumatlandırılıblar.
Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq 8 ali təhsil müəssisəsinin akkreditasiyası təşkil olunub, “2018-2019-cu tədris ilində isə ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə əsasən 12 ali təhsil müəssisəsinin akkreditasiyasının keçirilməsinə başlanılıb.
Daha sonra idarə rəhbərliyi tərəfindən media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.