İLKİN ÖDƏNİŞLİ ELEKTRON SAYĞACLARININ QURAŞDIRILMASI MÜSBƏT NƏTİCƏLƏR VERİR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə şəhər elektrik şəbəkəsi üzrə keçirilən məqsədyönlü tədbirlər nəticəsində may ayında təxminən 33 milyon kilovattsaat elektrik enerjisi istehlak olunmuşdur. Bu həcmin təxminən 7,7 milyon kilovatt-saatı, yaxud 23 faizi əhalinin payına düşür.
Beləliklə, istehlakçıların ilkin ödənişli elektron sayğacları vasitəsilə elektrik enerjisi ilə təchizatı ödənişin səviyyəsinin artırılmasına, istehlakın həcminin müəyyənləşdirilməsinə, elektrik enerjisindən istifadə qaydalarının pozulması faktlarının qarşısının alınmasına, habelə abonentlərin elektrik enerjisi ilə sabit təchiz edilməsinə xeyli kömək edir.
Elektrik enerjisindən istifadə qaydalarının pozulması faktlarının qarşısının alınmasında belə sayğaclar xüsusilə əhəmiyyətlidir. Sayğacların işinə müdaxilə edildikdə cihaz buna “münasibət” göstərir və elektrik enerjisinin ötürülməsi avtomatik dayandırılır. Məsələn, yanvar ayında 140, fevralda 103, martda 72, apreldə 87, may ayında isə 58 belə fakt qeydə alınmışdır.
Sayğacın smart-kartında 60 qəpik qaldıqda abonentə bu barədə məlumat verilir. Kart tamam boşaldığı halda 1 manat həcmində kredit götürmək mümkündür, bayram günlərində isə abonentlər elektrik enerjisi ilə kart tamam boşaldıqda belə fasiləsiz təmin olunacaqdır.