İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycan Dillər Universitetində olmuşlar
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycan Dillər Universitetində (ADU) olmuşlar.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, nümayəndə heyəti universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin indoneziyaşünaslıq ixtisasının birinci kurs tələbələri ilə görüşmüşdür.
Tədbirdə regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən danışmış, tələbələrin mütəmadi olaraq İndoneziyaya göndərildiklərini və oradan yüksək təəssüratlarla qayıtdıqlarını bildirmişdir. O, tələbələrin İndoneziya dili və mədəniyyətinə böyük maraq göstərdiklərini söyləmişdir.
Universitetdə keçirilən tədbirlərdən bəhs edən A.Nağıyev bu kimi görüşlərin tələbələrin ölkəyə və dilə olan marağının artmasına və bu istiqamətdə yüksək biliklərə yiyələnməsinə müsbət təsir göstərdiyini vurğulamışdır.
Səfir Prayono Atiyanto tələbələrin İndoneziya dilinə maraqlarını və bu dili öyrənməkdə göstərdikləri səyləri yüksək qiymətləndirmiş, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinin ölkələrarası əlaqələrin inkişafında böyük rol oynadığını vurğulamışdır. Diplomat dostluq qrupunun üzvlərinə İndoneziya Araşdırmalar Mərkəzinin kitabxanasına İndoneziyadan kitabların gətirilməsi ilə bağlı təklif irəli sürmüşdür.
Görüşdə dostluq qrupunun üzvləri İndoneziya dili, mədəniyyəti, tarixi, siyasəti haqqında məlumat vermişlər. Qonaqlar tələbələrin İndoneziya dilinə maraq göstərmələrindən və bu dili yüksək səviyyədə mənimsəmələrindən məmnunluqlarını bildirmişlər.
Sonda səfir ADU-nun indoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin Azərbaycan Diplomatik Akademiyasında keçirilən III Ənənəvi Beynəlxalq Festivalda ifa etdikləri İndoneziya rəqsinə görə qazandıqları diplomu mərkəzin müdiri Laura Zərbəliyevaya təqdim etmişdir.