QAN YADDAŞI
İndoneziya KİV-ləri 20 Yanvar faciəsinə həsr olunmuş məlumatlar yayıb
Cakarta, 20 yanvar, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İndoneziyanın “TVRI” dövlət televiziya kanalının, “MNC TV”, “JAKTV” və “GLOBALTV” kimi özəl kanalların, bundan əlavə, “rmol.co”, “seputargerakan.com”, “edupublik.com”, “public-news.com”, “kanigoro.com”, “republika.co.id”, “konfrantasi.com” və “monasnews.com” xəbər portallarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının səfirlikdəki dövlət bayrağı yarıya qədər endirilib. Səfir Tamerlan Qarayev 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklər, SSRİ rəhbərliyinin və şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi təcavüz barədə ətraflı danışıb. Bildirib ki, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız dinc əhali vəhşicəsinə gülləbaran edilib, faciə zamanı yüzlərlə dinc sakin qətlə yetirilib və yaralanıb.
Tədbirdə jurnalistlərin çoxsaylı sualları ətraflı cavablandırılıb. Faciə ilə bağlı video və foto təqdimatlar keçirilib, jurnalistlərə İndoneziya dilində hazırlanmış məlumatlar paylanıb.
Tədbir yerli televiziya kanallarının xəbərlər buraxılışında və internet portallarda geniş işıqlandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta