DÜNYA
İndoneziyada prezident seçkisinin qalibi Prabovo Subiantonun Çinə səfəri başlayıb
![İndoneziyada prezident seçkisinin qalibi Prabovo Subiantonun Çinə səfəri başlayıb](/files/2024/1/1200x630/17118964901023537479_1200x630.jpeg)
Pekin, 31 mart, AZƏRTAC
İndoneziyada fevralda keçirilmiş prezident seçkisinin qalibi olmuş Hərəkat Partiyasının rəhbəri Prabovo Subiantonun Çinə səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə baş tutan səfər oktyabrın 20-də dövlət başçısı vəzifəsinin icrasına başlayacaq Prabovo Subiantonun seçkidəki qələbəsindən sonra ilk xarici səfəridir. Ekspertlər bu səfərin Prabovo Subiantonun prezidentliyi dövründə ölkəsinin Çin ilə əlaqələrə verəcəyi önəmin göstəricisi olduğunu bildirirlər.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, üç günlük səfər çərçivəsində Prabovo Subianto Çin lideri Si Cinpin, Dövlət Şurasının sədri Li Çian ilə görüşərək, ikitərəfli münasibətlərlə yanaşı, tərəfləri maraqlandıran digər məsələləri də müzakirə edəcək.
Qeyd edək ki, İndoneziya ilə Çin Xalq Respublikası arasında münasibətlər hər zaman rəvan olmayıb. Cənub-şərqi Asiya regionunda Çin Xalq Respublikası ilə diplomatik əlaqələr quran (1950-ci il) ilk dövlət olan İndoneziya Prezident Sukarnonun dövründə (1945-1967-ci illər) Pekin ilə sıx əlaqələrə malik olub. Sonrakı dövlət başçısı Suhartonun hakimiyyətinin ilk dövründə Çin ilə münasibətlər xeyli zəifləyib, hətta iki ölkə arasında diplomatik əlaqələr dayandırılıb. 1990-cı ildə münasibətlərin bərpasından sonra əlaqələr yüksələn xətlə inkişaf etməyə başlasa da, bəzi mövzularda, xüsusən də Cənubi Çin dənizi ilə bağlı məsələdə fikir ayrılığı var.
İqtisadi-ticari əlaqələrə gəlincə, hazırda Çin İndoneziyanın həm ixracda, həm də idxalda ən böyük tərəfdaşıdır. Çin şirkətləri İndoneziyada mədənçilik, su elektrik stansiyaları, günəş panelləri istehsalı, elektrik avtomobilləri üçün batareya və digər sahələrə sərmayələr yatırıb. Çin İndoneziyada bir çox nəqliyyat, sənaye, turizm layihələrini maliyyələşdirir və icra edir. Cakarta ilə Bandunq şəhəri arasında bir neçə milyard dollar dəyəri olan sürətli dəmir yolu xətti layihəsini maliyyələşdirən və icra edən, Borneo adasında on milyardlarla dollar dəyəri olan yaşıl sənaye zonasının əsas investorlarından biri Çindir.
AZƏRTAC-ın xüsusi müxbiri