İndoneziyada ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib
Cakarta, 11 dekabr, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin yerləşdiyi şəhərciyin yaşıllıq zonasında keçirilmiş aksiyada Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq, səfir Cəlal Mirzəyev, səfirliyin əməkdaşları və şəhərciyin məsul nümayəndəsi tərəfindən ağaclar əkilib.
Bununla yanaşı, səfirlik tərəfindən təşkil edilmiş ağacəkmə aksiyası və ulu öndər Heydər Əliyev haqqında İndoneziyanın nüfuzlu “citayambersatu.com” və “warnaplus.com” informasiya saytlarında məqalələr dərc olunub. Məqalələrdə Azərbaycanın inkişaf tarixində böyük yükü öz üzərinə götürmüş Heydər Əliyevin tarix yaradan şəxsiyyət olduğu vurğulanır. Müstəqil və mütərəqqi Azərbaycanın qurucusu olan Ulu Öndərin istər keçmiş Sovet İttifaqı, istərsə də müstəqillik dövründə ölkəmizin bütün istiqamətlərdə inkişafına verdiyi töhfələrdən bəhs edilir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hələ keçmiş Sovet İttifaqı dönəmində Azərbaycanın başda sənaye sahəsi olmaqla, iqtisadiyyatın müxtəlif sahələrinin tərəqqisi, yeni sahələrin dirçəldilməsi yönündə mühüm addımlar atıldığı qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldığı və mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu Öndərin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildiyi bildirilir.
İqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirən Ulu Öndərin həyata keçirdiyi iqtisadi tədbirlərin yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdığı bildirilir. Ulu Öndərin gərgin əməyinin və əyilməz iradəsinin bəhrəsi olaraq Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirən “Əsrin müqaviləsi”nin imzalanmasının gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi olduğu vurğulanıb.
Ümummilli Liderin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdiyi və bu strategiyanın bu gün də uğurla davam etdirilməsi nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyi qeyd olunub.
Sonda Azərbaycan xalqının həyatının böyük hissəsini millətinə həsr etmiş Ulu Öndər ilə fəxr etdiyi və onun xatirəsinin milyonlarla insanın ürəyində yaşadığı vurğulanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta