İoseb Bakuradze: Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək çoxdankı arzumuz idi
Şəki, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək çoxdankı arzumuz idi. Teatrımız ilk dəfədir ölkənizə səfər edir. Şəki festivalında iştirak etməkdən böyük şərəf duyuruq. Bizə bu imkanı yaratdıqlarına görə festivalın təşkilatçılarına minnətdarlığımızı bildiririk.
Bu sözləri III Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Gürcüstanın Muvement teatrının rejissoru İoseb Bakuradze AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Qonağın bildirdiyinə görə, kollektiv qastrol səfərlərinə çıxmağı çox xoşlayır. Son vaxtlar beş-altı xarici ölkəyə səfər ediblər. Teatr dahi Şekspirin “Fırtına” əsəri ilə Gürcüstanın əksər bölgələrində tamaşalar göstərib. Oktyabrda daha bir beynəlxalq festivala dəvət alıblar.
İoseb Bakuradze festival iştirakçılarına göstərilən qonaqpərvərlikdən razı qaldıqlarını, növbəti festivallarda da Azərbaycanın bu qədim şəhərinə gəlmək arzusunda olduqlarını bildirib.