“İpək yolu” - “Abreşumis Qza” gömrük postunun layihəsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüşüb.
DGK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində səmərəli əməkdaşlıqdan məmnunluqla söhbət açılıb.
Eyni zamanda, gömrük işinin təşkili ilə bağlı birgə regional layihələrin həyata keçirilməsinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə zəmin yaratdığı bildirilib.
Sonra Azərbaycan və Gürcüstan arasında mövcud sazişə əsasən inşası nəzərdə tutulan “İpək yolu” - “Abreşumis Qza” gömrük postunun layihəsi ilə bağlı müzakirələr aparılıb.