İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ ABŞ KOMMERSİYA DEPARTAMENTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev Bakıda səfərdə olan ABŞ Kommersiya Departamenti başçısının müavini Pol Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Heydər Babayev Azərbaycanda aparılan islahatlar və onların uğurlu nəticələri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Azərbaycan bu il öz reytinqini 64 pillə yaxşılaşdıraraq 33-cü yerdə qərarlaşmışdır. Bundan sonra bu sahədə aparılan islahatlar daha da sürətləndiriləcəkdir. Azərbaycanda sahibkarlığın inkişafı üzrə 2010-2011-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanmışdır. Proqramın yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Bundan başqa, tikinti üçün icazələrin verilməsi sahəsində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir. Müvafiq sistemin idxal-ixrac rəsmiləşdirilməsi sahəsində də tətbiq olunması nəzərdə tutulur.
Görüşdə ölkələrimiz arasındakı ticarət əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılmışdır. Məlumat verilmişdir ki, 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dolları olduğu halda, bu ilin 7 ayı ərzində həmin rəqəm 4,2 milyard dollara çatmışdır. Bundan başqa, ticarət dövriyyəsinin strukturunda da nəzərəçarpacaq dəyişiklik müşahidə olunmaqdadır. Belə ki, idxalda yeni texnologiyaların və avadanlığın xüsusi çəkisi artmışdır. Vurğulanmışdır ki, Azərbaycan tərəfi iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və bunun üçün hər cür dəstək göstərməyə hazırdır.
Ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edən Pol Dik, ABŞ-ın Kommersiya Departamentinin Azərbaycanda nümayəndəliyinin açılmasını əlaqələrin daha da inkişafı sahəsində atılmış uğurlu addım kimi diqqətə çatdırmış, iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirmişdir.
Qonaqlar Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olma prosesi ilə də maraqlanmışlar. Heydər Babayev bu ilin mayında Cenevrədə İşçi Qrupunun 5-ci iclasının keçirildiyini və iclasın nəticələrinin ölkəmiz üçün uğurlu olduğunu vurğulamışdır. Bundan başqa, qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər sürətləndirilmiş, maarifləndirmə tədbirləri genişləndirilmişdir. Nazir Azərbaycanın DTT-yə üzv olması prosesində ABŞ hökümətinin dəstəyini yüksək qiymətləndirmişdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders, ABŞ Kommersiya Departamentinin Qafqaz və Mərkəzi Asiya işləri ofisinin direktoru Danika Starks, xarici kommersiya xidmətinin nümayəndəsi Cim Fluker iştirak etmişlər.