“İQTİSADİYYAT” QƏZETİNİN ÇİN XALQ RESPUBLİKASINA HƏSR OLUNMUŞ XÜSUSİ NÖMRƏSİ
“Əsl dostluq dağ yıxar” Çin xalq misalının deviz seçildiyi nömrənin ilk səhifəsində bu nəhəng ölkə ilə münasibətlərimizin tarixi xatırladılır. Buradaca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirilir: “Çinlə Azərbaycan arasında münasibətlər son illər ərzində çox sürətlə inkişaf edir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərindən sonra bu münasibətlər yeni pilləyə qalxmışdır. Ölkələrimiz arasında əlaqələr inkişaf edir, Azərbaycanla Çin arasında geniş ticarət əlaqələri mövcuddur. Çindən ölkəmizə böyük həcmdə mal idxal olunur. Əlbəttə, biz çox istərdik ki, iki ölkə arasında iqtisadi əlaqələr genişlənsin və hər iki tərəf üçün fayda versin”.
Çinin ölkəmizdəki səfiri Çjan Siyunun “Çin və Azərbaycan” (rus dilində) məqaləsində ölkələrimiz arasında münasibətlərdən geniş söz açılır, onların dinamik inkişafı vurğulanır.
Oxuculara təqdim olunan materiallarda Çinin inkişaf modelinə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan qəzetin baş redaktoru, “Dünya iqtisadiyyatı, Çin iqtisadi möcüzəsi” kitabının müəllifi akademik Ziyad Səmədzadənin “Dünyanı heyran edən tərəqqi” məqaləsi maraq doğurur.
Qəzetdə ölkənin elm-təhsil sistemi, memarlığı, təbabəti, turizm imkanları haqqında materiallar və “Möcüzə yaratmış insan” (Çində islahatların memarı Den Syaopin haqqında), “Ənənələrə söykənən islahatlar” (təhsil sistemi haqqında), “Bəşər mədəniyyətinin beşiyi”, “Əfsanələr və həqiqətlər ölkəsi” sərlövhəli maraqlı yazılar verilmişdir.
Xatırladaq ki, qəzetin bundan əvvəlki xüsusi nömrəsi “Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə buraxılmışdır.