İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq
Tbilisi, 12 oktyabr, AZƏRTAC
Gürcüstan parlamentinə seçkilər azad, şəffaf, demokratik, rəqabətli olacaq və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsi ilə başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri, hakim partiyanın seçki qərargahının rəhbəri İrakli Kobaxidze söyləyib.
O deyib ki, lakin müxalifət təxribatlara hazırlaşır.
Baş nazir bildirib ki, oktyabrın 26-na təyin edilən seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə etməklə keçiriləcək. Partiyaların parlamentdə mandat qazanmaları üçün 5 faizlik baryeri aşmaları tələb olunur.
Baş nazir qeyd edib ki, müxalifət partiyasının reytinqləri ilə tanışdır və onlar təxribatlara hazırlaşırlar.
“Hamı bilir ki, “Gürcü Arzusu”nun reytinqi 60 faizə yaxındır və kollektiv “Milli Hərəkat” seçkilərdə 9-cu ağır məğlubiyyətə məhkumdur. Müxalifətin reytinqi 20 faizdən çox deyil”, - deyən İ.Kobaxidze vurğulayıb ki, cəmiyyət radikal müxalifətin, baryeri aşacaq bütün “kollektiv Milli Hərəkat”ın ümumilikdə 20 faiz səs toplayacağına təəccüblənməməlidir.
Baş nazir, eyni zamanda, hüquq-mühafizə orqanlarına müraciət edib və polisi seçkilər öncəsi son dərəcə ayıq-sayıq olmağa çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi