DÜNYA
İranda lentə alınan sənədli filmdə Yerevandakı casus ovu səhnələri erməniləri təşvişə salıb
Bakı, 26 iyul, AZƏRTAC
Bu yaxınlarda İran rəsmiləri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 17 casusunun həbsi və məhkum olunması barədə məlumat yayıblar. Bundan sonra isə Tehranda bu mövzuya dair sənədli film lentə alınıb. Lakin bu filmdə casusların yaxalanması səhnələrində Yerevandakı kadrlardan istifadə edilməsi çoxlu suallar doğurub.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, jurnalistlər bu sualları Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryana ünvanlayıblar. Lakin erməni rəsmisi bu məsələyə aydınlıq gətirə bilməyib. Belə ki, filmdə İran xüsusi xidmət orqanlarının amerikalı olduqları iddia edilən casusları məhz Ermənistan paytaxtında izləmələri kadrlarının izaha ehtiyacı var. Qriqoryan bununla bağlı deyib ki, “filmin o kadrlarını şərh etmək çox çətindir”. O əlavə edib ki, bütün bu məsələlər İran tərəfi ilə ətraflı müzakirə olunur. TŞ-nin katibi daha sonra vurğulayıb ki, Tehranla Yerevan arasında münasibətlərdə heç bir problem yoxdur.
İranın yaydığı sənədli filmdə MKİ-nin agentləri olduqları iddia edilən casusların izlənilməsi kadrları Yerevanın restoranlarında çəkilib. İranın İnformasiya Nazirliyinin filmlə bağlı göstərdiyi qısa videoçarxda da Ermənistan paytaxtının mərkəzi göstərilir.