İranın “Dəniz” qəzetində AzərTAc-ın əməkdaşının Xocalı soyqırımı haqqında məqaləsi dərc edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). İranın Qərbi Azərbaycan vilayətində nəşr olunan “Dəniz” qəzetində AZƏRTAC-ın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Xocalı soyqırımı: XX əsrin ən dəhşətli bəşəri faciəsi” adlı məqaləsi dərc edilmişdir.
Məqalədə Xocalı soyqırımının səbəbləri və acı nəticələrindən bəhs edilir. Müəllif yazır ki, Xocalı soyqırımı təkcə insanlığa qarşı törədilmiş hərbi cinayət yox, həm də müasir dəyərlərə təcavüzdür. Qeyd edilir ki, Xocalı soyqırımının törədilməsinin arxasında azərbaycanlıların gözünü qorxutmaq, insanlarda erməni xofu yaratmaqla onları öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qoymaq kimi məkrli niyyət dayanırdı.
Bildirilir ki, bu hərbi cinayəti sübut edən təkzibolunmaz yüzlərlə dəhşətli fakt o dövrdə aparıcı beynəlxalq mətbuat orqanlarının jurnalistləri tərəfindən videolentə alınmış, fotoşəkillər çəkilmiş, məqalələr dərc olunmuşdur. Bu barədə “Vaşinqton Post” (28 fevral 1992/. Tomas Qolts, Ağdam, Azərbaycan, 27 fevral 1992-ci il), “Nyusuik” (16 mart 1992/. Paskal Priva və Stiv Lö Vən, Moskva”), “Tayms” (16 mart 1992, Cil Smolou, Yuri Zaraxoviç, Moskva), “Sandey Tayms” (1 mart 1992, Tomas Qolts, Ağdam, Azərbaycan) və digər tanınmış mətbuat orqanlarında bəhs edilmişdir. Müəllif vurğulayır ki, bu soyqırımı dünya mətbuatında ən çox müraciət olunan mövzulardandır. Lakin təəssüf ki, hələ də beynəlxalq ictimaiyyət bu soyqırımına tam şəkildə hüquqi-siyasi qiymət verməmişdir.