İRAQDA DAHA 10 ƏCNƏBİ GİROV GÖTÜRÜLMÜŞDÜR
Qruplaşmanın nümayəndələrinin müvafiq bəyanatı yazılmış videolent Qətərin “Əl-Cəzirə” telekanalının efirində göstərilmişdir. Kadrda 10 girovun hamısı maskalı yaraqlılarla birlikdə görünmüşdür. Girovların işlədikləri şirkətin adı, azadlığa buraxılması şərtləri hələlik açıqlanmır.
İraqda iki ABŞ vətəndaşını və bir britaniyalını oğurlayan Əbu Musab əz-Zərqavinin başçılıq etdiyi “Ət-Tövhid vəl-Cihad” qruplaşmasının bəyanatı “Əl-Cəzirə” telekanalı ilə yayımlanmışdır. Yaraqlılar ABŞ komandanlığından Əbu-Qreyb və Ümm-Qəsr həbsxanalarındakı bütün qadınları 48 saat ərzində azadlığa buraxmağı tələb edirlər, əks təqdirdə girovları öldürəcəklərini bildirirlər. Bu qruplaşma İraqda həm bir çox hücumlara görə, həm də girovları oğurlayıb edam etməyə görə məsuliyyət daşıyır. ABŞ əz-Zərqavinin başına 25 milyon ABŞ dolları məbləğində qiymət qoymuşdur.
İraqda avqustun 20-də oğurlanmış iki fransız jurnalistinin aqibətinə gəldikdə, İslam veb-saytlarından birində yayılmış məlumata görə, onlar buraxılmışlar və öz keçmiş oğrularına könüllü surətdə işləyirlər. Doğrudur, saytın sahibləri bildirmişlər ki, Kristian Şesnonu və Jorj Malbrünonu oğurlayan “İraq İslam ordusu”ndan alınan bu informasiyanın dəqiqliyini təsdiqləmək iqtidarında deyillər.