İRAQDA HƏLAK OLAN ABŞ HƏRBİ QULLUQÇULARININ SAYI “FACİƏLİ HƏDDƏ” ÇATMIŞDIR
İraqda həlak olmuş və yaralanmış ABŞ əsgər və zabitlərinin sayını müstəqil surətdə hesablayan Assoşieyted Press agentliyi həm Pentaqonun, həm də öz müxbirlərinin xəbərlərinə əsaslanaraq, bu barədə yeni məlumatlar yaymışdır. Məlumatda deyilir ki, İraqda indiyədək ABŞ-ın 998 hərbçisi və Pentaqonun üç mülki qulluqçusu həlak olmuşdur.
ABŞ-ın müdafiə naziri Donald Ramsfeld sentyabrın 7-də jurnalistlər qarşısında çıxış edərkən bildirmişdir ki, İraqda koalisiya qüvvələrinə hücuma görə məsuliyyət “terrorçuların, əvvəlki rejim tərəfdarlarının və sadəcə olaraq, cinayətkarların” üzərinə düşür. ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin başçısı Riçard Mayers isə demişdir ki, “düşmənin hərəkətləri getdikcə kəskinləşir”. Bununla belə, onların hər ikisi İraqda hərbi əməliyyatların uğurla başa çatacağına və bu ölkədə həyatın tədricən normallaşacağına əmin olduğunu bildirmişdir.