İraqda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
İraqın Müstəqil Ali Seçki Komissiyası elan edib ki, Baş nazir Məhəmməd Şiə əl-Sudaninin rəhbərlik etdiyi “Yenidənqurma və inkişaf koalisiyası” parlament seçkilərinin yekun nəticələrində qanunverici orqanda 329 yerdən 46-sını qazanaraq birinci yeri tutub.
AZƏRTAC İraq Xəbər Agentliyinin (INA) məlumatına istinadla xəbər verir ki, koalisiya 46 yerlə birinci, 36 yer qazanan sabiq parlament sədri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi Tərəqqi partiyası isə ikinci yeri tutub.
Komissiyanın rəqəmlərinə görə, sabiq Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Qanun dövləti” koalisiyası parlamentə 29 yer qazanıb.
INA-nın məlumatına görə, şiələrin rəhbərlik etdiyi “Koordinasiya çərçivəsi” daha sonra rəsmi olaraq özünü bütün tərkib hissələrini bir araya gətirən ən böyük parlament bloku kimi təyin etdiyini bildirib. O, həmçinin iki komitə yaradıb: onlardan biri vahid milli idarəetmə vizyonunu hazırlamaq, digəri isə Baş nazir vəzifəsinə namizədlərlə müsahibə aparmaq üçündür. Blok, habelə konstitusiya prosedurlarına uyğun olaraq Baş nazirin namizədliyini irəli sürəcəyini bəyan edib.
Parlamentdə keçirilən görüşdə Baş nazirin seçilməsi üçün qəbul edilmiş meyarlar, eləcə də tələb olunan hökumət proqramının xarakteri İraqın üzləşdiyi siyasi, iqtisadi və xidmətlə bağlı çətinliklərə uyğun və vətəndaşların islahat, sabitlik və inkişaf istəklərinə cavab verən şəkildə müzakirə edilib.
Ötən həftə keçirilən parlament seçkilərində seçici fəallığı 56,11%-ə çatıb və 7743 namizəd 329 yer uğrunda mübarizə aparıb. Bu, dövlət başçısını seçmək və hökumətə etimad göstərməkdən məsul olan parlament üzvlərinin ümumi sayıdır.
İraqda heç bir partiya təkbaşına hökumət qura bilməz və bu, partiyaları ittifaq yaratmağa məcbur edir. Proses çox vaxt aylar çəkir.
İraqın hakimiyyət paylaşımı sistemində Baş nazirin şiə, Prezidentin kürd və parlament sədrinin sünni olması adət halını alıb.