DÜNYA
İslam ölkələrində sosial-iqtisadi inkişaf məsələləri müzakirə olunur
Bakı, 30 oktyabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada keçirilən İslam ölkələri Statistika, İqtisadiyyat, Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC) direktorlar şurasının 46-cı iclasında İslam ölkələrində sosial-iqtisadi inkişaf məsələləri müzakirə olunur.
AZƏRTAC təşkilatın Baş Katibliyinə istinadla xəbər verir ki, üzv ölkələrin müvafiq təsisatlarının təmsilçilərinin iştirak etdikləri tədbirdə İƏT-in Baş katibi Hissein Brahim Tahanın SESRIC-in 45-ci və Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə təbrik məktubları oxunub.
Məktubların mətnini oxuyan İƏT Baş katibinin iqtisadi məsələlər üzrə müavini Əhməd Kavesa Sengendo daha sonra öz çıxışında gündəlikdə duran məsələlərdən bəhs edib. O vurğulayıb ki, SESRIC ötən 45 il ərzində müsəlman xalqlarının sosial-iqtisadi problemlərinin öyrənilməsi və onların həlli istiqamətində mühüm layihələr həyata keçirib. Sengendonun sözlərinə görə, İƏT-in bu strukturunun fəaliyyətindən faydalanan İslam ölkələrinin sayı hər il artır.
Oktyabrın 31-də davam edəcək iclasda İslam ölkələrində sosial-iqtisadi inkişaf, habelə müasir texnologiyaların tətbiqi üzrə həyata keçiriləcək yeni layihələr, onların maliyyələşdirilməsi, digər uyğun beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi, kiçik fermer təsərrüfatlarına dəstəyin artırılması, gənclərin məşğulluğu ilə bağlı proqramların həyata keçirilməsi məsələləri müzakirə olunur.
İclasda, həmçinin SESRIC-in 2024-cü il üçün büdcəsi və fəaliyyət Planı müzakirə olunaraq təsdiq ediləcək.