İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır
Bakı, 21 noyabr, AZƏRTAC
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində son iki ay ərzində “Bravo” marketlər şəbəkəsinin Əhmədli, Koroğlu, “Gənclik Mall” və Sumqayıt filiallarından 41 kiloqram işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayında start verilmiş layihə çərçivəsində bu günədək 232 kiloqram işlənmiş batareya toplanıb. Qeyd olunub ki, layihənin məqsədi insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyaların toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsidir.
S.Məmmədova bildirib ki, hazırda işlənmiş batareyaları toplama qutuları “Bravo”, “Araz”, “Neptun”, “Rahat”, “Bazarstore” marketlərində yerləşdirilib. Yaxın zamanlarda bir çox bank və otellərdə də bu cür qutuların yerləşdirilməsi planlaşdırılır: “Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.