İsmayıllı-Lahıc yolunda baş verən qaya sürüşməsinin nəticələri aradan qaldırılıb YENİLƏNİB 2
Bakı, 16 may, AZƏRTAC
İsmayıllı-Lahıc avtomobil yolunda baş verən qaya sürüşməsinin nəticələri aradan qaldırılıb və yol yenidən nəqliyyatın hərəkəti üçün açılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə İsmayıllı Rayon İcra Hakimiyyətinin Lahıc inzibati dairəsi üzrə nümayəndəsi Əli Əlizadə məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarından etibarən əraziyə cəlb olunan ağır texnika vasitəsilə yolun hərəkət hissəsinə tökülən daş, torpaq və iri qaya parçalarının təmizlənməsi istiqamətində intensiv iş aparılıb.
“Günboyu davam edən təmizləmə işlərindən sonra yol tam açılıb. Nəticədə Lahıc qəsəbəsi və ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi bərpa olunub”, - deyə Əli Əlizadə əlavə edib.
13:36
Dünən axşam saatlarından etibarən Lahıc–İsmayıllı avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu və daş axını müşahidə olunub. Nəticədə yol müəyyən müddətə bağlanıb. İlkin müdaxilədən sonra hərəkət qismən bərpa edilsə də, sonradan iri qaya parçalarının yenidən yola tökülməsi səbəbindən yol təkrar bağlanıb.
Bu sözləri İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu ilə bağlı AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanov deyib.
Onun sözlərinə görə, gecə saatlarında ərazidə işləmək təhlükəli olduğundan təmizləmə işləri dayandırılıb.
“Səhər saatlarından etibarən isə əraziyə əlavə ağır texnika cəlb olunaraq yolun qaya parçaları və torpaq kütləsindən təmizlənməsi istiqamətində işlər davam etdirilir. Hazırda yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır. Aidiyyəti qurumlar tərəfindən yolun qısa müddətdə açılması üçün zəruri tədbirlər görülür”, - deyə Mahmud Süleymanov vurğulayıb.
08:56
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.
Müxbir- Rəşad Türkoğlu