İspaniyada enerji və ərzaq yoxsulluğu ən yüksək həddə çatıb
Bakı, 27 fevral, AZƏRTAC
İspaniya vətəndaşları son üç il ərzində istehlak qiymətlərinin, yəni gündəlik tələbat mallarının qiymətlərinin son 40 ilin göstəriciləri ilə müqayisədə görünməmiş səviyyədə qalxmasının şahidi olublar.
AZƏRTAC xəbər verir ki, Milli Statistika İnstitutunun (INE) son məlumatına görə, İspaniyada enerji və ərzaq yoxsulluğunun səviyyəsi 2004-cü ildən bəri rekord göstəriciyə çatıb.
Bu, İspaniya ailə təsərrüfatlarında gəlirlərin, yoxsulluğun və maddi şəraitin daha dəqiq göstəricisi olan Yaşayış şəraitinin icmalında (LCS) öz əksini tapıb. INE-nin statistikası göstərir ki, hər beşinci ispan ailəsi (ailə təsərrüfatlarının 20,7 faizi) öz evində bərabər temperaturu saxlaya bilmir və bu da 2019-cu illə müqayisədə 3 dəfə çoxdur.
Ət və ya balıq kimi əsas qida məhsullarını almaqla bağlı çətinliklər qiymətlər sürətlə yüksəlməyə başlayandan sonra artıb. Ərzaq məhsullarının və içkilərin ümumi qiyməti hazırda 2021-ci ilin əvvəli ilə müqayisədə 30 faiz yüksəkdir. İstehlak səbətinin kəskin artımı ona gətirib çıxarıb ki, ispan ailələrinin 6,4 faizi həftədə azı iki dəfə ət, toyuq və ya balıq almağı özünə rəva görmür. Uşaqlı ailələrdə vəziyyət xüsusilə acınacaqlıdır: 16 yaşınadək uşaqların 7 faizi əsas qidaların bu növlərindən müntəzəm istifadə edə bilmirlər. Söhbət yarım milyondan çox insandan gedir.
Gözlənildiyi kimi, inflyasiya böhranı ən aşağı gəlirli ailələrə xüsusilə güclü zərbə vurub. Eyni zamanda, bütövlükdə hər dördüncü ailə enerji yoxsulluğundan əziyyət çəkir. Yaxşı qidalanmaq üçün resurs çatışmazlığı ilə bağlı vəziyyət aşağı gəlirli ailələrdə daha acınacaqlıdır. Bu ailələrdə ərzaq yoxsulluğunun səviyyəsi ölkədəki 6,4 faiz orta göstərici ilə müqayisədə 15 faizə çatır.