DÜNYA
İspaniyada küçədə siqaret çəkmək qadağan olunacaq
Madrid, 14 avqust, AZƏRTAC
Qalisiya və Kanar adalarında koronavirusun yayılmasına qarşı mübarizə aparmaq məqsədilə küçədə siqaret çəkməyə qadağa qoyulub.
AZƏRTAC xəbər verir ki, onların bu tədbirinə İspaniyanın digər regionları da qoşulmaq niyyətindədir.
Tədbir Milli Səhiyyə Sisteminin İctimai Səhiyyə Komissiyası tərəfindən iyul ayında hazırlanmış sənədə uyğun qaydada həyata keçirilir. Sənəddə siqaret və veypinqin koronavirus xəstəliyinə yoluxma riskini artırdığı, həmçinin siqaret çəkməklə maska taxmağın bir-birinə uyğun gəlmədiyi vurğulanır. Yeni qaydalara görə, bütün ictimai yerlərdə maska taxmaq məcburidir.
Əksəriyyəti ailə daxilində və əyləncə yerlərində baş vermiş 28 yoluxma faktı aşkar edildikdən sonra Kanar adalarında bölgə hökuməti COVID-19-a qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsini təsdiqləyib. Beləliklə, ictimai yerlərdə maskalardan istifadə etmə və siqaret çəkmə ilə bağlı tətbiq olunmuş qaydalara ailə məclislərində 10 nəfərdən çox adamın toplaşmasına qoyulan qadağa da əlavə olunub.
Küçələrdə siqaret çəkməyə qoyulmuş qadağa hazırda Valensiya, Kastiliya-Leon, Kastiliya-la-Manç, Kantabriya, Balear adaları, Navarra, Asturiya, Madriddə aktiv müzakirə olunur. Əndəlüs hakimiyyəti qadağaları tətbiq etməyə tələsmir və bunun “elmi sübutunu” gözləyir. Kataloniya, Estremadura və Mursi isə hələlik bu təşəbbüsdən imtina edir.
İspaniya Səhiyyə Nazirliyinin verdiyi məlumatlara görə, son gün ərzində ölkədə 2 min 935 COVID-19-a yoluxma faktı aşkarlanıb ki, bu da mayın sonundan etibarən qeydə alınmış ən yüksək göstəricidir.
Qeyd edək ki, pandemiya başlayandan bəri İspaniyada ümumilikdə 337 min 334 nəfər koronavirus infeksiyasına yoluxub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid