İDMAN
İsrailli gimnastlar: Bakıdakı yarışda qızıl medal qazanmaq bizim üçün böyük uğurdur
![İsrailli gimnastlar: Bakıdakı yarışda qızıl medal qazanmaq bizim üçün böyük uğurdur](/files/2022/1/1200x630/1646508388258519117_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanmaq bizim üçün böyük uğur və nailiyyətdir.
AZƏRTAC xəbər verir ki, bunu 12-18 yaş kateqoriyasında qadın cütlüyünün tərkibində çıxış edən israilli gimnastlar Harel Aharoni və Yuval Bar Tal deyiblər. Gimnastlar bildirib: "Finalda hər şey yaxşı alındı, proqramı səhvsiz icra etdik. Yarışı çıxışımızdan razı qalaraq başa vurduq. Məşqçi və komanda yoldaşlarımızın dəstəyi qalib gəlməyimizə kömək oldu. Çünki çıxışımızdan əvvəl çox həyəcanlı idik".Rəqiblərdən danışan israilli idmançılar qeyd ediblər ki, başqa ölkələrdən olan rəqiblərini düşünməyib, yalnız öz çıxışlarına kökləniblər. "Rəqiblərimizi düşünmürdük, bütün düşüncələrimiz proqramımız, onu səhvsiz başa çatdırmaq haqqında idi. Qazandığımız medalı məşqçimizə və valideynlərimizə həsr edirik", - deyə gimnastlar əlavə ediblər.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.