İQTİSADİYYAT
İSTANBULDA AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ MİTİNQ VƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, martın 31-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin təşəbbüsü ilə İstanbulun “Saraçhane” parkında azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mitinq keçiriləcəkdir. Türkiyə KİV-lərinin işıqlandıracağı aksiyada İstanbul ictimaiyyəti ilə yanaşı, Azərbaycan diasporunun rəhbərləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də iştirak edəcəklər.
Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Yaqubovun sözlərinə görə, bundan əlavə, Baş Konsulluğun və Atatürk Düşüncə Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə aprelin 1-də 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş böyük elmi-praktik konfrans keçiriləcəkdir.
Tədbirdə Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, İstanbul valisi, xarici diplomatik missiyaların nümayəndələri, ordu generalları - İlhan Kılıc, Necdət Timur, Şeker Əruyğur və digər tanınmış şəxslər iştirak edəcəklər.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” filmi göstəriləcəkdir.