ELM VƏ TƏHSİL
İstanbulda I Beynəlxalq türkologiya konfransı keçirilmişdir
Konfransda Azərbaycan da iştirak etmişdir
Ankara, 21 aprel (AZƏRTAC). Türkiyənin İstanbul şəhərindəki “WOW Convention” otelində Türkiyə Xarici İşlər Nazirliyi, Türk Dil Kurumu və Yunus Əmrə İnstitutunun təşkilatçılığı, dünyanın 46 ölkəsindən 60 türkoloqun iştirakı ilə I Beynəlxalq türkologiya konfransı keçirilmişdir.
Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva təmsil etmişdir.
Konfransın açılışında çıxış edən Türk Dil Kurumunun sədri, professor Mustafa Kaçalin və Yunus Əmrə İnstitutunun sədri, professor Əli Fuat Bilkan bildirmişlər ki, Türkiyə hökumətinin təsis etdiyi Yunus Əmrə İnstitutunun əsas məqsədi türk dilinin öyrənilməsinin müasir tələblərə cavab verməsidir. Bu baxımdan xarici ölkələrdə türkologiya ocaqlarının yaradılması və onların zəruri dərslik və avadanlıqla təchiz edilməsi prioritet məsələlərdəndir.
Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında Azərbaycan və Türkiyə türkcəsinin çox yaxın olduğu, xalqlarımızın digər türkdilli ölkələrə nisbətən bir-biri ilə daha asan anlaşdıqlarını söyləmişdir. O, bu sahədə əlaqələrin daha da möhkəmlənməsi üçün dilçi alimlərin əməkdaşlığının gücləndirilməsinin zəruriliyini vurğulamışdır.
Konfransda qeyd olunmuşdur ki, dünyanın müxtəlif ölkələrindəki universitetlərdə fəaliyyət göstərən türkologiya bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün yeni layihələr hazırlanmalı və həyata keçirilməlidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara